Dekan

img_2804

 

Gəncə Dövlət Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, iqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Şahin Nadir oğlu Xurşudov Tovuz rayonunun Əlimərdanlı kəndində, bölgədə sayılıb-seçilən ziyalı ailəsində anadan olmuşdur. 1987-ci ildə həmin kənddəki orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Texnologiya İnstitutuna (indiki Azərbaycan Texnologiya Universiteti) daxil olmuş, adı çəkilən təhsil müəssisəsində Lenin təqaüdü ilə oxumuş və 1992-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə laborant kimi əmək fəaliyyətinə başlamışdır. 1994-2000-ci illərdə Gəncə Elm-Təhsil Mərkəzinin Tovuz rayonundakı Qovlar qəsəbəsində fəaliyyət göstərən qeyri-dövlət Yeyinti Sənayesi İnstitutunda dekan müavini, kafedra müdiri vəzifələrində işləmişdir.

1998-ci ildə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda «Aqrar-sənaye kompleksinin iqtisadi səmərəliliyinin yüksəldilməsi» mövzusunda dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, 2001-2007-ci illərdə Azərbaycan Texnologiya Universitetində baş müəllim, dosent əvəzi və dosent vəzifəsində çalışmışdır. 2007-ci ildən Gəncə Dövlət Universitetində işləyir.

Ş.N.Xurşudov işlədiyi müddət ərzində özünün təşkilatçılıq qabiliyyəti, işgüzarlığı, insanlarla rəftarı və davranışı, tapşırılan işə məsuliyyətlə yanaşması və digər müsbət keyfiyyətləri ilə başqalarından seçilmiş, Universitet və şəhər miqyasında keçirilən tədbirlərdə, gənc kadrların hazırlanmasında fəal iştirak etdiyinə görə professor-müəllim heyətinin, tələbə kollektivinin və şəhər ictimaiyyətinin rəğbətini qazanmışdır.

Ş.N.Xurşudov çoxsaylı elmi əsərlərin müəllifidir. O, müxtəlif miqyaslı elmi-nəzəri və elmi-metodiki konfranslarda iştirak edir və müxtəlif səviyyələrdə nəşr olunan elmi jurnallarda müasir dövrün ən aktual problemlərinə həsr edilmiş 44 məqalənin müəllifi, 25,3 ç.v. həcmində «Sosial-iqtisadi statistika» adlı dərs vəsaitinin və «Milli iqtisadiyyat» adlı tədris proqramının həmmüəlliflərindən biridir. Onun çap olunmuş elmi məqalələri içərisində «Bazar münasibətlərinə keçid şəraitində aqrar-sənaye istehsalının iqtisadi səmərəliliyinin yüksəldilməsi», «Yeyinti sənaye kompleksində ixrac marketinqinin xüsusiyyətləri», «Bazar iqtisadiyyatı şəraitində məhsulun keyfiyyəti və rəqabət qabiliyyətinin yüksəldilməsi problemləri», «İqtisadiyyatda loqistika sisteminin forma və inkişaf məsələləri», «Azərbaycan Respublikasında investisiya siyasətinin təkmilləşdirilməsi yolları», «Sosial infrastrukturun inkişafında investisiyanın rolu», «Основные пути совершенствование управления логистической системы», «Перспективы создания инновационной системы», «Влияние экономической системы на инновационные отношении»,  «Ərzaq təhlükəsizliyinin təmin olunması problemləri», «İnvestisiya mühitinin formalaşmasına daxili və xarici amillərin təsiri», «Azərbaycan iqtisadiyyatında turizmin rolu», «Aqrobiznes potensialından səmərəli istifadə problemləri», «Aqrobiznes fəaliyyətinə dövlət dəstəyinin əsas istiqamətləri» və başqaları xüsusi yer tutur.

Ş.N.Xurşudov tələbələrin azərbaycançılıq, Vətənə sədaqət ruhunda tərbiyə olunmasında, yüksək ixtisaslı, dünyanın qabaqcıl hesab olunan ali məktəblərində hazırlanan kadrlarla rəqabət aparmaq qabiliyyətinə malik olan mütəxəssislərin hazırlanmasında fəal iştirak edir, hazırda doktorantdır və iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün «Aqrobiznesin idarə edilməsinin təkmilləşdirilməsi problemləri» mövzusunda elmi-tədqiqat işi üzərində çalışır.